Ankara Azərbaycanla 2023-cü ilin aprel ayında imzalanmış “Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi üçün daxili prosedurların tezliklə başa çatacağına ümid edir. Bunu Türkiyə ticarət nazirinin müavini Özgür Volkan Ağar deyib.
“Azərbaycanla imzalanmış Preferensial Ticarət Sazişi ilk addımdır. Çünki iki ölkənin potensialı daha böyükdür. Bu, vacib sənəddir və 2023-cü ilin aprel ayında imzalanmış protokola sazişdə də olduğu kimi eyni sayda mal daxil edilib. Hazırda protokolun təsdiqlənməsi üçün daxili prosedurlar həyata keçirilir, lakin qeyd etmək istəyirəm ki, onun ən qısa müddətdə təsdiqlənəcəyini gözləyirik”, - deyə o, bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində panel sessiyada çıxışı zamanı bildirib.
Nazir müavini əlavə edib ki, əlavə protokola sənaye və kənd təsərrüfatı məhsulları daxil edilib.
“Məqsədimiz Preferensial Ticarət Sazişini Azərbaycanla azad ticarət müqaviləsinə çevirməkdir. Bu, ölkələrimizin liderlərinin qarşılıqlı ticarət dövriyyəsinin ildə $15 milyarda çatdırılması ilə bağlı qarşıya qoyduqları hədəfə çatmağa imkan verəcək”, - deyə Volkan Ağar vurğulayıb.
O əlavə edib ki, Bakı və Ankara bu istiqamətdə müvafiq addımlar atır.
“Biz çox sürətlə bu rəqəmə ($15 milyard həcmində qarşılıqlı ticarət dövriyyəsi – İF) doğru irəliləyirik. Əgər 2020-ci ildə ticarət dövriyyəsi $4,2 milyard təşkil etmişdisə, 2023-cü ildə bu rəqəm $7 milyarda çatıb”, - deyə nazir müavini qeyd edib.
Xəbər verildiyi kimi, 2023-cü il aprel ayının 29-da Türkiyənin Samsun şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında” Protokol imzalanıb.
Bu sənədlə Bakı və Ankara 2020-ci il fevralın 25-də Bakıda imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi”nin şamil olunduğu malların siyahısını genişləndirir.
Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişi 2021-ci il mart ayının 1-dən tətbiq olunur.*
N.Abbasova