Futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Bunu Prezident İlham Əliyev deyib.
“Bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Qarabağ xanı tərəfindən bu kəndin təməli qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır”, - deyə dövlət başçısı dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında bildirib.
O qeyd edib ki, otuz il ərzində Xankəndi şəhəri erməni separatçılarının işğalı altında olub.
“Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”, - deyə Əliyev vurğulayıb.
O əlavə edib ki, 2023-cü ilin sentyabr ayında birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan Xankəndini işğaldan azad etdi, öz dövlət suverenliyini tam təmin etdi. “Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır”, - deyə prezident qeyd edib.*
R.Kərimov