Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacaq. Bunu Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.
O qeyd edib ki, Xankəndi stadionu iki ay ərzində əsaslı təmir olunub. Separatizm simvolikasını əks etdirən bütün yazılar artıq tarixin zibilxanasına atılıb.
“Bugünkü oyunun nəticələrindən asılı olmayaraq qalib bəllidir. Qalib Azərbaycan xalqıdır, Azərbaycan dövlətidir! Bugünkü oyunda “Qarabağ” və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması təbii ki, böyük rəmzi məna daşıyır. Qarabağ–Ordu-Xalq birliyi bizim Zəfərimizin əsas mənbəyidir”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, dörd il bundan əvvəl bu stadionda bəziləri “Qarabağ Ermənistandır və nöqtə” demişdilər. Biz onlara sübut etdik ki, Qarabağ Azərbaycandır!
“İşğal edilmiş torpaqların böyük hissəsi üç il bundan əvvəl - İkinci Qarabağ müharibəsi nəticəsində işğalçılardan azad edildi. Şuşa şəhərində Azərbaycan Bayrağı qaldırıldı. Üç ay bundan əvvəl - sentyabrın 19-20-də Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə rayonları da işğalçılardan azad edildi. Oktyabrın 15-də bütün bu şəhərlərdə mən Azərbaycan Bayrağını ucaltdım. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradı keçirildi. Bu gün isə bu gözəl idman bayramını biz birlikdə qeyd edirik. Bundan sonra bu torpaqlarda Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Biz azərbaycanlılar burada əbədi yaşayacağıq!”, - deyə İ.Əliyev bəyan edib.*
R.Kərimov