Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyası 2024-cü il üçün turizm üzrə Birgə Fəaliyyət Planı hazırlayıb.
“İnterfaks-Azərbaycan” Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki,cümə axşamı İstanbulda keçirilən Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 3-cü iclasında Birgə Fəaliyyət Planı razılaşdırılıb.
İclasda turizm sahəsində prioritet əməkdaşlıq məsələləri, ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm təlimləri, biznesin inkişafı və turizm infrastrukturuna investisiyalar, mədəni irsin qorunması sahəsində əməkdaşlıq, marketinq, kommunikasiya və turizm məhsulları müzakirə olunub.
“İclas çərçivəsində turizm sektorunda insan resurslarının inkişafı, turizm və rekreasiya zonalarının yaradılması, infrastruktur layihələrinin həyata keçirilməsi üzrə təcrübə mübadiləsi, beynəlxalq platformalarda birgə təqdimatların keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, - məlumatda deyilir.
İşçi qrupunun növbəti görüşünün 2024-cü ildə Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib. **
X.Nəsirzadə