Bakı şəhərinin Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində dənizdə göyərtəsində 6 nəfərin olduğu gəzinti qayığı çevrilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən, gəzinti qayığının alt hissəsinin zədələnməsi və gövdəsinə su dolması nəticəsində üçü ekipaj üzvü, üçü sərnişin olmaqla 6 vətəndaşın təhlükəli vəziyyətdə qalması məlum olub”, - məlumatda deyilir.
Məlumata görə, FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri xilasetmə əməliyyatı nəticəsində vətəndaşlar xilas ediliblər. **
N.Abbasova