Ukrayna prezidenti Volodimir Zelenski doğum günü münasibətilə Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
“2023-cü il - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ili Azərbaycan və şəxsən Sizin üçün əlamətdar il oldu. Məhz bu il Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi”, - Zelenskinin təbrikində deyilir.
“Ukraynanı azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizədə dəstəklədiyinizə, Rusiya ilə müharibənin humanitar nəticələrinin aradan qaldırılmasında yardıma görə Azərbaycana və şəxsən Sizə minnətdaram”, - məktubda qeyd olunur.
Zelenski vurğulayıb: “Mən dövlətlərimiz arasında mövcud dostluq münasibətlərini, şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm. Əminəm ki, hörmət və etimada əsaslanan Ukrayna-Azərbaycan strateji əməkdaşlığı bundan sonra da hər iki ölkənin xalqlarının mənafeyi naminə fəal inkişaf edəcəkdir. Zati-aliləri, Sizə möhkəm cansağlığı, bol enerji və məsuliyyətli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.
Dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevin 62 yaşı tamam olacaq. **
B.Rüstəmbəyov