“Azəri-Çıraq-Günəşli” (AÇG) blokundakı “Qərbi Azəri” platforması istifadəyə veriləndən etiarən neft hasilatının ümumi həcmi 1 milyard barelə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan”a “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“12 dekabr 2023-cü ild AÇG blokundakı “Qərbi Azəri” platformasından bir milyardıncı barel neft hasil edilib”, - məlumatda deyilir.
“Bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında 1 milyard barel xəttini adlayıb. Bu əlamətdar mərhələyə çatan ilk platforma “Mərkəzi Azəri” olub - 2021-ci ilin iyul ayında. Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək”, – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bəyan edib.
bp-nin məlumatına əsasən, “Qərbi Azəri” platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub. Hazırda platformada təxminən 200 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki rəisi Azərbaycan vətəndaşıdır.
«2005-ci ildən bəri platformadan 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 35 quyudan 26-sı hasilat quyusu, 9-u isə suvurma quyusudur. 2005-ci ildə istismara verilmiş ilk quyulardan biri C-06 quyusudur. Bu quyu ilk dövrlərdə gündəlik 35 min barel neft verib və hazırda da platformanın ən məhsuldar quyularından biridir. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub”, - məlumatda deyilir.
Şirkətin məlumatına görə, hazırda Qərbi Azəri platformasından gündəlik hasilat 85 min bareldir.
Xəbər verildiyi kimi, 2023-cü ilin yanvar-sentyabr aylarında AÇG blokundan təqribən 100 milyon barelə yaxın neft (14 milyon ton) hasil edilib. Yanvar-sentyabr aylarında bu müqavilə sahəsindən neft hasilatı 12,3% azalıb.
2022-ci ildə AÇG blokundan neft hasilatı 152 milyon barel təşkil edib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2017-2049-cu illərdə sərmayə qoyuluşu $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur. **
N.Abbasova