Azərbaycanda Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş daha 473 nəfər hərbi qulluqçu dövlət vəsaiti hesabına yeni mənzillərlə təmin olunacaq. Bu barədə Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Məlumata əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib. Komissiyaya maliyyə naziri Samir Şərifov rəhbərlik edir.
“Komissiyanın iclasında qəbul edilən qərar ilə hazırda mənzil növbəsində olan 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunacaq”, - məlumatda qeyd olunur.
Nazirliyin məlumatına görə, Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 953 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib.
“Bu günə qədər 3646 nəfər hərbi qulluqçu və 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub”, - Maliyyə Nazirliyindən vurğulanıb.
Komissiya tərəfindən mənzillə təmin olunacaq hərbi qulluqçuların müəyyən edilməsində aşağıdakı meyarlardan istifadə olunur: hərbi rütbə, hərbi vəzifə, xidmət yeri, həqiqi hərbi xidmət müddəti, döyüş bölgəsində, döyüş əməliyyatlarında iştirak, yaralanma, travma və kontuziya, dövlət təltifləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti və xidmət dövründə mənzillə təmin olunma. **
X.Nəsirzadə