Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Dövlət Turizm Agentliyinin birgə açıqlamasında bildirilir.
Məlumata görə, əgər indiyə qədər vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, dekabrın 27-dən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər.
Vətəndaşlar səfər üçün icazəni dekabrın 25-dən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər.
Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaq.
Bundan başqa, dekabrın 27-dın etibarən Şuşa və Suqovuşan istiqamətində turist turlarında xarici vətəndaşların da iştirakına şərait yaradılır. Bu cür qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcək. **
V.Əliyev