Rusiya və Azərbaycan baytarlıq nəzarəti sistemlərinin ekvivalentliyinin tanınması proseduruna başlayıb.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”a istinadən bildirir ki, bu məsələ Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə danışıqlar zamanı müzakirə olunan mövzular arasında yer alıb.
Bundan başqa, hər iki ölkənin mütəxəssisləri transsərhəd heyvan xəstəliklərinin, o cümlədən dabaq xəstəliyinin SAT-2 tipinin profilaktikası, heyvanların quduzluq xəstəliyinə qarşı birgə immunlaşdırılması sahəsində əməkdaşlıq məsələlərinə diqqət yetiriblər.
Xəbər verildiyi kimi, noyabrda “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli qeyd olunan xəstəliklərə qarşı mübarizə üzrə birgə tədbirlərin hazırlanması üçün işçi qrupun yaradılması ilə bağlı qərar qəbul ediblər.
Danışıqlar zamanı Rusiya tərəfi yumurta ixracına operativ şəkildə başlanmasına görə Azərbaycan tərəfinə təşəkkür edib. Bu günədək Azərbaycandan Rusiyaya ərzaqlıq yumurtanın iki partiyası (1 milyon 224 min ədəd) ixrac edilib.*