30 noyabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 46 milyard 172,5 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-noyabr aylarında bankların aktivləri 1,9% azalıb.
2023-cü ilin noyabr ayında bankların ümumi aktivləri 25,9 milyon manat artıb.
11 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 44,5% - 3 milyard 515,5 milyon manata qədər azalıb.
Noyabrın sonuna bankların kredit portfeli 22 milyard 881,8 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 16,8% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 6 milyard 12,1 milyon manat (artım 6,9% - İF) təşkil edir.
Bankların öhdəlikləri 40 milyard 160,4 milyon manata (azalma 3,1%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 50,6 milyon manat məbləğində (azalma 4,3 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 33 milyard 225,7 milyon manat (azalma 1,6%), o cümlədən əhalinin əmanətləri 12 milyard 235,5 milyon manat (artım 6,7%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında bankların ümumi xalis mənfəəti 997,4 milyon manat (2022-ci ilin 11 ayı ilə müqayisədə artım 16%) təşkil edib.
Hesabat dövründə bankların faiz gəlirləri 3 milyard 177,7 milyon manat (artım 28,6%), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 336,6 milyon manat (artım 17,2%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 215,7 milyon manat məbləğində (artım 12,8%) olub.
Bu dövrdə bankların faiz xərcləri 755,7 milyon manat (artım 27,5%), o cümlədən depozitlər üzrə 536,5 milyon manat (artım 30%), qeyri-faiz xərcləri 2 milyard 72,6 milyon manat (artım 30%) təşkil edib.
Yanvar-noyabr aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 1 milyard 521,5 milyon manat (artım 22,7%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 1 milyard 252 milyon manat (artım 18,6%), mənfəət vergisi üzrə ödənişlər 254,6 milyon manat məbləğində (artım 29,5%) qiymətləndirilir.
30 noyabr 2023-cü il tarixinə respublikada 23 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 474 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 2,7%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var. Bu göstəricilərin azalması oktyabr ayında “Muğanbank” ASC-nin fəaliyyət lisenziyasının ləğv edilməsi ilə şərtlənir.
Bank sektorunda 23 354 nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,5% - İF) çalışır. Həmçinin, noyabr ayında bank sektorunda çalışanlarının sayı oktyabr ayı ilə müqayisədə 62 nəfər artıb. **
A.Əzizov