Azərbaycan və RF-nin Həştərxan vilayəti kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafında maraqlıdır.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib ki, Azərbaycanın və Rusiyanın regionunun nümayəndələri arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa həsr olunan videokonfrans formatında görüş zamanı bununla bağlı maraq ifadə olunub.
“Tərəflər Azərbaycanla Həştərxan vilayəti arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər”, - məlumatda deyilir.
Nazirliyin məlumatına əsasən, görüşdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov, Rusiya Federasiyasının Həştərxan vilayətinin kənd təsərrüfatı və balıqçılıq sənayesi naziri Ruslan Paşayev, iki ölkənin müvafiq strukturları və aqrar sahədə fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər.
“Görüşdə Bakı ilə Moskva arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatı sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu və iki ölkə arasında ticarət dövriyyəsində davamlı artımın müşahidə olunduğu bildirilib. Tərəflər qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq üçün mövcud imkanların olduğu sahələri müzakirə ediblər”, - məlumatda vurğulanır.
Azərbaycan və Rusiyanın Həştərxan vilayətinin kənd təsərrüfatı müəssisələri tərəfindən aqrar sahə ilə bağlı təqdimatlar keçirilib və gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.**
R.Kərimov