“AccessBank” İsveçrənin “BlueOrchard Finance” tərəfindən idarə olunan “BlueOrchard Microfinance Fund” investisiya şirkətindən $10 milyon həcmində kredit cəlb edib.
“AccessBank”ın məlumatında deyilir ki, kredit mikrokreditləşmənin genişləndirilməsi məqsədilə 3 il müddətinə cəlb edilib. Hazırda “AccessBank” Azərbaycanda mikromaliyyələşmə seqmentində liderdir.
“Yeni kredit sazişi “AccessBank”a kiçik və orta biznes kreditləri portfelinin inkişafına, eləcə də Azərbaycanda sahibkarlığa dəstək tədbirlərinin genişləndirilməsinə imkan yaradacaq”, - deyə bank vurğulayır.
“BlueOrchard BlueOrchard Microfinance Fund”dan cəlb edilən kredit qlobal maliyyə ictimaiyyəti tərəfindən bankımıza göstərilən etimadı əks etdirir və bankın maliyyə dayanaqlığını vurğulayır. “BlueOrchard Microfinance Fund”dan olan həmkarlarımıza göstərdikləri dəstəyə və Azərbaycanda biznes ictimaiyyətinin daha da gücləndirilməsinə nəzərdə tutulan dəstəyinə görə təşəkkür etmək istərdim”, - deyə AccessBank”ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirib.
“Maliyyə əlçatanlığının təmin edilməsi və MKOB-ların dəstəklənməsi fəaliyyətinə dəstək məqsədilə “AccessBank”la yeni tərəfdaşlığımızı elan etməkdən məmnunluq duyuruq”, - deyə “BlueOrchard Microfinance Fund”un baş kredit direktoru Normunds Mizis vurğulayıb.
“BlueOrchard Microfinance Fund” sosial dəyişikliklərə investisiyalar üzrə aparıcı qlobal menecerdir. “BlueOrchard” indiyədək 105-dən çox ölkəyə $10 milyarddan çox sərmayə qoyub. “BlueOrchard” “Schroders Group”un üzvüdür.
“AccessBank” Azərbaycanda 2002-ci ildən fəaliyyət göstərir və aktivlərinin həcminə görə ölkənin 7-ci bankıdır. Bankın bütün səhmdarları xarici banklar və maliyyə institutlarıdır.*
A.Əzizov