Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunmuş sənədə əsasən, ARDNF-in 2024-cü il büdcəsinin gəlirləri 12 milyard 73 milyon 255,5 min manat (2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə -26,1%), xərcləri isə 12 milyard 900 milyon 232,5 min manat məbləğində (+8,9%) proqnozlaşdırılır. Beləliklə, fondun büdcəsinin kəsiri 826,977 milyon manat məbləğində nəzərdə tutulur.
ARDNF-in 2024-cü il büdcəsində neftin bir barelinin qiyməti 60 ABŞ dollarından (2023-cü il üçün $60), qazın 1000 kubmetrinin qiyməti isə 511 ABŞ dollarından götürülüb.
Sənədə əsasən, 2024-cü ildə Azərbaycanın mənfəət nefti və qazının satışından ARDNF-ə daxilolmalar 8 milyard 146 milyon 218,8 min manat və ya fondun bütün gəlirlərinin 67,5%-ni (2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə -30,8%) təşkil edəcək ki, bu da ölkədə neft hasilatının azalması ilə əlaqədardır.
Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar 767 milyon 244,4 min manat, Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlir 3 milyard 131 milyon 968,3 min manat məbləğində proqnozlaşdırılır.
Gələn il üçün neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlir 24 milyon 223,4 min manat, karbohidrogen ehtiyatlarının işlənilməsi ilə əlaqədar müqavilə sahəsindən istifadə üçün sərmayəçilərin akrhesabı ödənişləri 3 milyon 600,6 min manat məbləğində proqnozlaşdırılır.
ARDNF-in xərclərinin strukturunda 12 milyard 781 milyon manat (2023-cü ilin göstəricisi ilə müqayisədə +8,9%) dövlət büdcəsinə transfertlərin, 33 milyon 526 min manat “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinin payına düşəcək.
Bundan başqa, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 38 milyon 246,5 min manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın maliyyələşdirilməsi xərcləri 47 milyon 460 min manat məbləğində nəzərdə tutulub.
ARDNF-in 2023-cü il büdcəsinin gəlirləri 16 milyard 337,5 milyon manat, xərcləri isə 11 milyard 392 milyon 336,5 min manat məbləğində təsdiqlənib. Beləliklə, fondun büdcəsinin profisiti 4 milyard 487 milyon 463,5 min manat məbləğində proqnozlaşdırılır.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
N.Abbasova