Prezident İlham Əliyev İcbari tibbi sığorta fondunun 2024-cü il büdcəsini təsdiq edib.
Dövlət başçısının saytında dərc olunmuş sənədə əsasən, gələn il fondun kəsirsiz büdcəsinin gəlir və xərcləri 2 milyard 811 milyon 428,292 min manat təşkil edəcək.
2024-cü ildə fondun gəlirləri 5 mənbədən formalaşacaq: dövlət büdcəsindən ayırmalar – 1 milyard 375 milyon 987,69 min manat; işəgötürən və işçi tərəfindən icbari tibbi sığorta üzrə ödənilən sığorta haqları – 815 milyon 53,804 min manat; fiziki şəxslərdən sığorta haqları üzrə daxilolmalar – 15 milyon manat; avtomobil benzininin, dizel yanacağının, maye qazın Azərbaycan Respublikasının ərazisinə idxalı və daxili istehlakı, alkoqollu içkilərə və tütün məhsullarına tətbiq olunan aksizlər üzrə daxilolmalar – 122 milyon 786,798 min manat; digər daxilolmalar – 32,6 milyon manat.
Xərclərin strukturunda icbari tibbi sığorta ödənişləri və dotasiya məbləği 2 milyard 503 milyon 74,032 min manat təşkil edəcək.
2024-cü ildə səhiyyə sahəsində dövlət proqramlarına və tədbirlərə 139 milyon 577,69 min manat; “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin dərman, sarğı ləvazimatlarının və materiallarının, maddi-texniki bazasının, kadr təminatının və digər xərclərin maliyyələşdirilməsinə 497 milyon 77,69 min manat; tibb müəssisələri üçün zəruri tibbi avadanlıq və inventarın alınmasına isə 50 milyon manat yönəldiləcək.*
B.Rüstəmbəyov