2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ortaçəkili həcmi $52,6 milyard təşkil edəcək. Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi sənədlərdə bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, 2023-cü ildə ARDNF-in investisiya portfelinin ortaçəkili həcmi $45,7 milyard məbləğində təsdiqlənmişdi. Beləliklə, 2024-cü ildə bu göstərici 15,1% artacaq.
2024-cü ildə Dövlət Neft Fondunun vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasətinə uyğun olaraq fondun 2024-cü il üçün investisiya siyasətinin məqsədi əsas kapitalın itirilməsi riskinin aşağı olması şərtilə maksimum gəlirliliyin əldə edilməsidir.
Fondun investisiya portfelinin baza valyutası ABŞ dolları müəyyən edilir. Proqrama əsasən, investisiya portfelinin məcmu dəyərinin 65%-i (2023-cü ildə 65%-i), ABŞ dollarında ifadə olunan aktivlərə; 20%-i avroda (2023-cü ildə 20%-i) ifadə olunan aktivlərə; 5%-i İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10%-i isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər.
Fondun investisiya portfeli aşağıdakı altportfellərdən ibarətdir: borc öhdəlikləri və pul bazarları alətləri altportfeli (kredit reytinqinə malik olmayan borc öhdəliklərinə investisiya qoyan pay fondları istisna olmaqla) – aşağı uzaqlaşma intervalı maksimum 5% olmaqla, investisiya portfelinin məcmu dəyərinin 50%-i (2023-cü ildə 50%); səhm (pay) altportfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-i; daşınmaz əmlak altportfeli – investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri; qızıl altportfeli – investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədəri (2023-cü ildə 15%).
ARDNF-in vəsaitinin likvidlik dərəcəsi fondun büdcə xərcləri üzrə planlaşdırılan pul və digər köçürmələrinin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə olmalıdır. Bu səviyyəni təmin etmək məqsədilə fondun vəsaitinin 100 milyon ABŞ dollarından az olmayan hissəsi yüksək likvidliyə malik qısamüddətli pul bazarları alətlərində saxlanılmalıdır. Proqrama əsasən, xarici menecerlərə idarəetməyə verilən vəsaitin ümumi həcmi investisiya portfelinin məcmu dəyərinin 60%-dən, bir xarici menecerə idarəetməyə verilən vəsaitin maksimum həcmi investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmamalıdır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
2023-cü il sentyabrın 30-na ARDNF-in aktivləri $55 milyard 524 milyon məbləğində (yanvar-sentyabr aylarında artım 13%) qiymətləndirilir.*
N.Abbasova