2023-cü ilin yanvar-noyabr aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 6,7% - 12 milyard 524,9 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Noyabrda əhalinin banklardakı əmanətləri 39,2 milyon manat azalıb (oktyabrda azalma 141,4 milyon manat olub – İF).
Yanvar-noyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 15,3% - 8 milyard 235,16 milyon manatadək (bütün əmanətlərin 65,8%-i) artıb. Noyabr ayında milli valyutada əmanətlərin həcmi 93,5 milyon manat artıb.
Yanvar-noyabr aylarında əhalinin xarici valyutada bank əmanətləri 6,8% - 4 milyard 289,7 milyon manatadək və ya bütün əmanətlərin 34,2%-i səviyyəsində azalıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). Noyabrda əhalinin xarici valyutada bank əmanətləri 132,7 milyon manat azalıb.
Yanvar-noyabr aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 293,78 milyon manat (artım 6,9%), qeyri-rezidentlərin əmanətlərinin həcmi 1 milyard 231,1 milyon manat (artım 4,8%) təşkil edir.
2023-cü il noyabrın 30-na banklarda əmanət və depozitlərin həcmi 35 milyard 128,8 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3,1% azdır.*
X.Nəsirzadə