“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) iki şirkətlə Kəlbəcər və Laçın rayonlarında 5 kiçik su elektrik stansiyasının bərpası haqqında saziş imzalayıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov bu barədə “X” platformasında yazıb.
“Bu gün AİŞ, Türkiyənin “Demirören Yatırım Holding A.Ş.” Şirkətlər Qrupu və “Arges Enerji Team” MMC arasında birgə iştirak müqaviləsi imzalanıb. Dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində həyata keçirilən layihə yeni iş yerləri yaratmaqla bərabər, əhalinin bölgəyə qayıdışının sürətləndirilməsinə, işğaldan azad edilmiş ərazilərdə dayanıqlı iqtisadi inkişafa və bərpa olunan enerji sahəsində yeni təcrübə və bacarıqların ötürülməsinə töhfələr verəcək”, - deyə nazir bildirib.
O vurğulayıb ki, Azərbaycan 2030-cu ilədək elektrik qoyuluşu gücünün 30%-ni bərpa olunan enerji mənbələrindən əldə etməyi və istixana qazı emissiyalarını azaltmağı hədəfləyir. Bu layihə işğaldan azad edilmiş ərazilərimizdə “yaşıl enerji” zonasının yaradılması istiqamətində növbəti addımdır.*
B.Rüstəmbəyov