Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Ağdam, Cəbrayıl, Füzuli, Xocalı,Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun imzalayıb.
Dövlət başçısının saytında dərc olunmuş qanuna əsasən, Şuşa rayonunun inzibati ərazi bölgüsünə daxil olan Malıbəyli kənd inzibati ərazi dairəsi tərkibindəki Malıbəyli kəndi, Quşçular kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Quşçular və Aşağı Quşçular kəndləri Xocalı rayonunun inzibati ərazi bölgüsünə daxil edilib.
Bundan başqa, Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Veysəlli kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Veysəlli və Ağbaşlı kəndləri ləğv edilir.
Füzuli rayonunun inzibati ərazi bölgüsünə daxil olan Qacar kənd inzibati ərazi dairəsi tərkibindəki Divanalılar kəndinin dövlət mülkiyyətində olan 139 ha torpaq sahəsi Xocavənd rayonunun inzibati ərazisinə verilir.
Həmçinin Cəbrayıl rayonunun inzibati ərazi bölgüsünə daxil olan Sarıcalı kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Məzrə kəndi ləğv edilir. Bununla əlaqədar Yuxarı Məzrə kəndinin dövlət mülkiyyətində olan 329 ha ərazisi Xocavənd rayonunun inzibati ərazisinə verilir.
Qanuna əsasən, Laçın rayonunun inzibati ərazi bölgüsünə daxil olan Köhnəkənd kənd inzibati ərazi dairəsi tərkibindəki Alıcan kəndi ləğv edilir. Bununla əlaqədar Alıcan kəndinin dövlət mülkiyyətində olan 384 ha ərazisi Xocavənd rayonunun inzibati ərazisinə verilir.
Xocalı rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 186 ha torpaq sahəsi Ağdam rayonunun inzibati ərazisinə verilir.
Bununla yanaşı, Xocavənd rayonunun inzibati ərazisinə aid dövlət mülkiyyətində olan 481 ha torpaq sahəsi Qubadlı rayonunun inzibati ərazisinə verilir.*
B.Rüstəmbəyov