Ermənistan Azərbaycanla sülhün bərqərar olmasına hazırdır. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Azərbaycanla sülh üçün fürsət yaranıb və biz doğrudan da bu fürsəti görürük. Biz bu sülh prosesinin məntiqi sonluğa çatması üçün əlimizdən gələni edirik”, - deyə o, bu gün İrəvanda iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Mirzoyanın sözlərinə görə, Ermənistan Azərbaycanla danışıqlarda konstruktiv şəkildə iştirak etməyə qərar verib ki, bu danışıqların da əsas məqsədi münasibətlərin normallaşdırılması və sülhün bərqərar olmasıdır.
“Biz sülh prosesinə və regionda uzunmüddətli sülhün bərqərar olmasına sadiqik. Biz sülh sazişi layihəsi üzərində işləyirik. Bir neçə gün əvvəl Azərbaycandan təkliflər almışıq. Biz bu təklifləri öyrənəcək və öz yanaşmalarımızı lazımi qaydada təqdim edəcəyik”, - deyə erməni nazir qeyd edib.
“Bəli, bu imkan (sülhün bərqərar olması) var və o, Ermənistanla yanaşı, Azərbaycanın da konstruktivliyindən asılıdır”, - deyə Mirzoyan əlavə edib.*