Ankara Amerika tərəfinin F-16 qırıcılarının satışı ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edir. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün ABŞ-ın dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib.
“Fidan Blinkenə bildirib ki, Türkiyə ABŞ administrasiyasının və Konqresin F-16 qırıcılarının satışı ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyinə ümid edir”, - deyə “Anadolu” agentliyi mənbələrə istinadən bildirir.
Bundan başqa, Fidan qeyd edib ki, İsveçin NATO-ya üzvlüyü məsələsinin həlli Türkiyə parlamentində qəbul edilmiş prosedurlara uyğun həyata keçirilir.
Tərəflər, həmçinin Qəzza zolağındakı hadisələri müzakirə ediblər. Türkiyə XİN başçısı dərhal atəşkəsin əldə olunmasının və sülh danışıqlarına başlanılmasının vacibliyini vurğulayıb.*