Fransa cavab tədbiri olaraq Azərbaycan səfirliyinin iki diplomatını “arzuolunmaz şəxs” (“persona non grata”) elan edib. Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Paris Azərbaycanın Fransa səfirliyinin diplomatik heyətinin iki əməkdaşını “persona non grata” elan etməsi ilə bağlı qərarını nəzərə alıb. Fransa cavab tədbiri olaraq Azərbaycanın Fransadakı səfirliyinin iki əməkdaşını “persona non grata” elan edib”, - deyə məlumatda bildirilir.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva dekabrın 27-də bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Xatırladaq ki, dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirliyinin iki əməkdaşının diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə ciddi etiraz bildirilib və onların Azərbaycan hökuməti tərəfindən “persona non grata” elan olunduğu Fransa səfirinin diqqətinə çatdırılıb.
Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib və XİN-in müvafiq etiraz notası Fransa səfirinə təqdim edilib.*
Xəbərlər şöbəsi