Azərbaycan 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 609,31 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 20,1% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin oktyabr ayında Azərbaycandan Türkiyəyə 718.91 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,53% azdır. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 21,4%-i və boru kəməri ilə nəql olunan qazın 25,4%-i Azərbaycanın payına düşüb.
Azərbaycan oktyabrda Türkiyəyə qaz ixracının həcminə görə ikinci pillədə qərarlaşıb. Birinci pillədə 59,1%-lə Rusiya, üçüncü pillədə 13,4%-lə Əlcəzair yer alıb. Oktyabrda Türkiyəyə qaz ixracı 5 ölkədən (Azərbaycan, İran, Rusiya (boru kəmərləri ilə), Əlcəzair və Nigeriya - LPG) həyata keçirilib.
Oktyabrda Türkiyəyə 3 milyard 358,23 milyon kubmetr qaz (2022-ci ilin oktyabr ayı ilə müqayisədə artım 3,71% - İF) ixrac edilib. 2 milyard 833,15 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 84,36%-i, artım 18,98%), 525,09 milyon kubmetr (bütün ixracın 15,64%-i, azalma 38,74%) isə LNG-nin payına düşüb.
Türkiyəyə “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-1” və “Mərhələ-2” çərçivəsində hasil olunan Azərbaycan qazı ixrac edilir.
2021-ci ilin III rübündə Azərbaycan və Türkiyə arasında Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə nəql ediləcək 11 milyard kubmetr təbii qazın alqı-satqısı haqqında yeni müqavilə imzalanıb. Müqavilə 2024-cü ilin sonunadək (2021-ci ilin IV rübü – 2024-cü il) “Mərhələ-1” çərçivəsində ildə 3,5 milyard kubmetr qazın nəqlini nəzərdə tutur. Müqavilə çərçivəsində nəql 2021-ci il oktyabrın 1-dən həyata keçirilir.
Azərbaycan 2022-ci ildə Türkiyəyə “Şahdəniz” yatağından hasil edilən 8 milyard 709,98 milyon kubmetr qaz ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 1,3% azdır.
2023-cü ildə Türkiyəyə 10,2 milyard kubmetr Azərbaycan qazının ixracı planlaşdırılır.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. Müqavilə üzrə tərəflərin iştirak payı aşağıdakı kimidir: BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOIL (19,99%), NICO (10%), TPAO (19%).**
N.Abbasova