Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Bakı və Paris arasında münasibətlər ən aşağı nöqtədədir, onların bərpası Fransanın hərəkətlərindən asılıdır.
“Fransa ilə münasibətlərin mövcud vəziyyəti ən aşağı nöqtədədir. Bunun səbəbkarı Azərbaycan deyil. Əksinə, Azərbaycan son 30 il ərzində Fransa ilə münasibətlərin inkişafı üçün çox iş görüb”, - Bayramov cümə axşamı XİN-in 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Fransa hər zaman ermənipərəst mövqe tutub. “Fransa 2020-ci ilə qədər özünün ermənipərəst mövqeyini məharətlə gizlədə bilib. 44 günlük müharibədən sonra (2020-ci ilin payızında - İF) artıq Fransa bu mövqeyi aydın şəkildə nümayiş etdirib. Daha sonra Fransanın siyasəti nəinki açıq şəkildə erməniyönümlü olub, həm də anti-Azərbaycan və Azərbaycanafob səviyyəyə qədər çatıb”, - o qeyd edib.
Bayramov Fransanın Ermənistanı dəstəkləməklə yanaşı, bir sıra hallarda Azərbaycan əleyhinə təşəbbüslərlə də çıxış etdiyini vurğulayıb.
Bakı və Paris arasındakı münasibətlərin perspektivlərinə toxunan Bayramov əlavə edib ki, onların bərpası üçün Fransa müəyyən addımlar atmalıdır.
XİN başçısı hesab edir ki, Fransa Azərbaycan və Cənubi Qafqazla bağlı siyasətinə ciddi şəkildə yenidən baxmalıdır və Cənubi Qafqazın yeni reallıqlarını qəbul etməlidir. **
X.Nəsirzadə