Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hesab edir ki, Bakı və İrəvan arasında sülh müqaviləsi ilə bağlı hələ də müəyyən fikir ayrılıqları qalmaqdadır, lakin onların sayı ciddi şəkildə azalıb.
"Tərəflər arasında sülh müqaviləsi ilə bağlı fikir ayrılıqları hələ də qalmaqdadır. Lakin deyə bilərəm ki, fikir ayrılıqlarının olduğu bəndlərin sayı ciddi şəkildə azalıb. 21 noyabr 2023-cü ildə Ermənistan tərəfindən alınan son təkliflərdə kiçik də olsa, müəyyən irəliləyiş var ", - Bayramov cümə axşamı 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda tərəflərin sülh müqaviləsinin imzalanmasına nə qədər yaxın olduqlarını söyləmək çətindir.
"Sülh müqaviləsinə gedən yol açıq, sülh realdır. Deyə bilərəm ki, əgər Ermənistan tərəfdən siyasi iradə olarsa, o zaman sülh müqaviləsi ilə tezliklə nəticə əldə etmək olar", - o qeyd edib.
Bayramov vurğulayıb ki, gələcəkdə Azərbaycan və Ermənistan sərhəddə sülh müqaviləsi ilə bağlı danışıqlar apara bilər və belə bir təklif irəli sürülüb.
Azərbaycanın xarici işlər naziri əlavə edib ki, sülh danışıqlarının təfərrüatlarını açıqlamağı düzgün hesab etmir, çünki onlar ümumi danışıqlar prosesinə zərər yetirə bilər. **
X.Nəsirzadə