Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində layihə işlərinin həyata keçirilməsinə iki şirkət cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bu şirkətlərlə ümumilikdə 2 milyon 167,754 min manat məbləğində iki müqavilə bağlanıb.
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə bağlanmış 459,02 min manat məbləğində birinci müqavilə Şahbuz şəhərinin Baş planının hazırlanmasını nəzərdə tutur. Müqavilə çərçivəsində işlər 27 mart 2025-ci ilə qədər yekunlaşdırılmalıdır.
“Sapartners Kovari+Kovari International” GmbH ilə bağlanmış ikinci müqavilə Şahbuz şəhərinin Baş planının strateji konseptual layihəsinin, ayrı-ayrı binaların və ictimai məkanların memarlıq həllərinin, şəhərin memarlıq üslubuna dair təlimatın hazırlanmasını nəzərdə tutur. Müqavilənin məbləği 1 milyon 708,734 min manatdır.
Müqavilə çərçivəsində işlər 27 dekabr 2024-cü il tarixinədək yekunlaşdırılmalıdır.*
X.Nəsirzadə