ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb. Bunu ATƏT DTİHB missiyasının rəhbəri İoğan Mörfi dekabrın 29-da Bakıda keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, müşahidə missiyasına 9 ölkədən 11 beynəlxalq ekspert və yanvarın 3-də ölkəyə gələcək uzunmüddətli missiyanın 26 üzvü daxildir.
“Biz seçki günü 280 qısamüddətli müşahidəçinin seçki prosesini müşahidə etməsi üçün sorğu göndərmişik”, - deyə missiyanın rəhbəri əlavə edib.
Onun sözlərinə görə, missiyanın aralıq hesabatı seçki gününə iki həftə qalmış dərc olunacaq. Seçkilərdən bir gün sonra (fevralın 8-də - İF) keçiriləcək mətbuat konfransında müşahidənin ilkin nəticələri təqdim ediləcək.
“Bütün seçki prosesinin qiymətləndirilməsi və tövsiyələrlə bağlı yekun hesabatın seçkilərdən bir neçə ay sonra dərc olunması planlaşdırılır”, - deyə Mörfi vurğulayıb.
O əlavə edib ki, missiyanın üzvləri artıq Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşüblər.
Missiyanın rəhbəri qeyd edib ki, ATƏT DTİHB indiyə qədər Azərbaycanda keçirilmiş müxtəlif seçkiləri 12 dəfə müşahidə edib. “Sonuncu dəfə 2020-ci ildə keçirilmiş parlament seçkilərini müşahidə etmişik”, - deyə Mörfi əlavə edib.
Mərkəzi Seçki Komissiyası (MSK) 15 şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Prezident İlham Əliyev 2023-cü il dekabrın 7-də “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub.
Azərbaycan Prezidenti seçkiləri sonuncu dəfə 2018-ci il aprelin 11-də keçirilib.
Azərbaycan Prezidenti 7 il müddətinə seçilir.
Prezident İlham Əliyev 2003-cü ilin oktyabr ayından Azərbaycana rəhbərlik edir.*
R.Kərimov