Azərbaycan hökuməti 2024-cü ildə səhiyyə sahəsində dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsinə 265,7 milyon manat məbləğində vəsait ayırmağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“Bu, 2023-cü illə müqayisədə 18,3 milyon manat çoxdur”, - deyə nazirlikdən bildirilib.
Bu vəsait səhiyyə sahəsində 20-yə yaxın müxtəlif dövlət proqramı və tədbirin həyata keçirilməsinə yönəldiləcək.
Xüsusilə gələn il şəkərli diabet xəstəliyi ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə 58,3 milyon manat, onkoloji xəstəliklərlə mübarizə tədbirlərinə 47,2 milyon manat, xroniki böyrək çatışmazlığı xəstəliyi ilə mübarizə tədbirlərinə 45 milyon manat, uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikası ilə bağlı tədbirlərə 24,2 milyon manat, talassemiya ilə mübarizə tədbirlərinə 21 milyon manat, hemofiliya ilə mübarizə tədbirlərinə 16,2 milyon manat, qanın bədxassəli xəstəlikləri ilə mübarizə tədbirlərinə isə 13 milyon manat məbləğində vəsaitin ayrılması planlaşdırılır.
Bundan başqa, büdcədə xəstələrin preparatlar, özününəzarət vasitələri ilə təmin edilməsi, digər ləvazimatlarla təchizatın yaxşılaşdırılması, xəstəliklərlə mübarizə tədbirləri ilə bağlı proqramların genişləndirilməsi, xəstəliklərin profilaktikası və müalicəsi üçün vəsait nəzərdə tutulub.*
X.Nəsirzadə