Müdafiə Nazirliyində 2023-cü ilin sonuna dair yekun iclaslar keçirilib.
“İclaslar zamanı Azərbaycan Ordusunun cari ildəki fəaliyyəti geniş təhlil edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətə çatdırılıb”, - deyə nazirlikdən bildirilib.
Hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu bildirilib. Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərtərəfli təminatı, o cümlədən qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi istiqamətində görülən işlərdən danışılıb.
Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində əldə edilən nailiyyətlər qeyd edilib və şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın istənilən tapşırığına hər an hazır olduğu xüsusi vurğulanıb.
“İclaslarda növbəti ildə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və perspektiv planlar müzakirə olunub”, - deyə məlumatda qeyd olunur.*
B.Rüstəmbəyov