2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $3 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,5% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($379,3 milyon, artım 3,1 dəfə), qızıl ($143,1 milyon, azalma 8,3%), pomidor ($140,5 milyon, azalma 6,8%), pambıq mahlıcı ($111,1 milyon, azalma 31%), meşə fındığı ($108,4 milyon, artım 15,7%), ilkin formalı polipropilen ($100,5 milyon, artım 18,5%), xurma ($91,4 milyon, artım 2,1%), ilkin formalı propilen sopolimerləri ($90,6 milyon, artım 2 dəfə) və xüsusi kütləsi 0,94% olan ilkin formalı polietilenin ($85,5 milyon, artım 1,9 dəfə) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($1 milyard, artım 22%), Türkiyə ($728,8 milyon, artım 15,6%), Gürcüstan ($299,9 milyon, artım 63,9%), İsveçrə ($129,8 milyon, azalma 14,9%) və Qazaxıstan ($89,9 milyon, artım 0,6%) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 33,3%-i Rusiyanın, 24,3%-i Türkiyənin payına düşüb.
2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı $3 milyard 47,67 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
N.Abbasova