Bakı hava limanı 2023-cü ildə rekord sayda - 5,7 milyon nəfərdən çox sərnişinə xidmət göstərib.
“Bakı hava limanı 2023-cü ili innovasiyalar, infrastrukturun təkmilləşdirilməsi və marşrut şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm nailiyyətlərlə uğurla başa vurur. 30 dekabr 2023-cü il tarixinə olan məlumata əsasən, aeroport tərəfindən xidmət göstərilən sərnişinlərin sayı rekord həddə çataraq 5,7 milyon nəfərdən çox olub”, - deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.
Hazırda Bakıdan 38 aviaşirkət vasitəsilə dünyanın 68 şəhərinə səyahət etmək mümkündür.
“2023-cü ildə sərnişinlərə “China Southern”, “AirBaltic”, “Flyadeal”, “Air Cairo” və “Iraqi Airways” kimi aviaşirkətlərlə yenilənmiş tərəfdaşlıqlar, həmçinin “WizzAir”, “Wizz Air Abu Dhabi” və LOT ilə artan tezliklər daxil olmaqla, yeni istiqamətlər təklif edilib. Bakı hava limanına uçuşlar həyata keçirən aviadaşıyıcıların sırasına “WizzAir Malta”, “IndiGo”, “Georgian Wings” və “Aegean Airlines” əlavə olunub”, - deyə məlumatda qeyd olunur.
Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir.*
N.Abbasova