Azərbaycan prezidenti İlham Əliyev Ermənistan rəhbərliyini tarixi dərslərdən nəticə çıxarmağa çağırıb.
“Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”, - Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib.
Onun sözlərinə görə, 2024-cü ildə azad edilmiş ərazilərdə Qarabağ və Şərqi Zəngəzurda bir neçə yaşayıış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. “Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində (2024-cü - İF) Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”, - Əliyev əlavə edib. **
İnformasiya şöbəsi