Avrasiya İqtisadi Birliyi orqanlarına sədrlik yanvarın 1-dən Ermənistana keçib.
«Ermənistan Respublikası 2024-cü il yanvarın 1-dən Avrasiya İqtisadi Birliyi orqanlarına sədrliyi qəbul edib və 2024-cü il ərzində Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyasının Şurasına sədrlik edəcək», - bazar ertəsi AİB-nin mətbuat xidməti məlumat verib.
Ermənistanın sədrliyi çərçivəsində Moskvada Avrasiya İqtisadi Birliyinin 10 illik yubileyinə həsr olunmuş Ali Avrasiya İqtisadi Şurasının iclası, III Avrasiya İqtisadi Forumu, Avrasiya Hökumətlərarası Şurasının iclası, eləcə də bir sıra digər tədbirlər planlaşdırılır.
«Yaxın vaxtlarda Ermənistan Respublikasının baş naziri, Ali Avrasiya İqtisadi Şurasının və Avrasiya Hökumətlərarası Şurasının sədri Nikol Paşinyanın Avrasiya İqtisadi Birliyi dövlətlərinin başçılarına Ermənistanın AİB orqanlarına sədrliyinin prioritet istiqamətləri ilə bağlı müraciəti gözlənilir», - məlumatda deyilir.
Avrasiya İqtisadi Birliyinə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. **