İsrail hərbçiləri Qəzza zolağının şimal hissəsində HƏMAS-ın döyüş imkanlarını əhəmiyyətli dərəcədə azaltmağa müvəffəq olublar. “The Times of Israel” nəşri xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant bu gün deyib.
“Şimal hissədə HƏMAS-ın 12 batalyonunu məğlub etmişik. Əvvəllər orada 15-18 min terrorçu var idisə, indi onların sayı bir neçə mindir. Terrorçuların böyük hissəsini məhv etmişik, qalanları isə cənuba çəkiliblər”, - deyə nazir bildirib.
Qallantın sözlərinə görə, İsrail ordusu Qəzza zolağının şimal hissəsində HƏMAS qruplaşmasının qalıqlarından xilas olmaq üçün daha kiçik miqyaslı əməliyyatlar keçirəcək.
“Bizim məqsədimiz düşməni əldən salmaq, döyüşçülərini öldürmək və əraziyə nəzarət etməkdir”, – deyə o qeyd edib.
Müdafiə naziri vurğulayıb ki, Qəzzanın cənubunda vəziyyət fərqlidir, belə ki, orada intensiv hərbi əməliyyatlar davam edir.*