Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Rusiyanın Qarabağ ermənilərinə və ya Ermənistana qarşı öz öhdəliklərini yerinə yetirmədiyinə dair müxtəlif ölkələrin iddiasını nonsens adlandırıb.
Onun sözlərinə görə, «Rusiya 2020-ci ildə 44 günlük müharibəni dayandıra bilən yeganə ölkə idi».
"... Rusiya sülhməramlılarının mandatı dəqiq yazılmayıb (Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında - İF). Lakin onların (sülhməramlıların - İF) əsas məqsədi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin fiziki təhlükəsizliyini təmin etmək idi, onlar məhz bununla məşğul olurdular. Əlbəttə ki, təqribən üç il ərzində Laçın dəhlizindən istifadə edərək ermənilərin ora (Qarabağa - İF) öz qoşunlarını, texnikalarını və s. necə daşımaları ilə bağlı məsələlər var. Biz bu məsələləri dəfələrlə qaldırmışıq. Lakin eyni zamanda Rusiyanın Qarabağ ermənilərinə və ya Ermənistana qarşı öhdəliklərini yerinə yetirmədiyini söyləmək nonsensdir", - Əmirbəyov Estoniya İctimai Televiziyasına (ERR) verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, «söhbət beynəlxalq səviyyədə, o cümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən tanınmış, 2020-ci il atəşkəs müqaviləsi bağlandıqdan dərhal sonra xarici hərbi iştirakdan təmizlənməli olan Azərbaycan ərazisindən gedir, lakin bu baş verməyib».
"Biz dəfələrlə bu qoşunların (erməni - İF) dinc şəkildə çıxarılması barədə xəbərdarlıq etdik və danışdıq. Erməni əhalisinin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiyasından danışmaq istədik. Biz onlara Azərbaycana qarşı hər hansı ərazi iddialarına son qoymağı və «miatsum» adlanan ideologiyadan əl çəkməyi təklif etdik. Lakin bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq, onlar eyni cür hərəkət etdilər və bütün bunlar antiterror əməliyyatını demək olar ki, qaçılmaz etdi", - Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi davam edib.
Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin Qarabağdakı əməliyyatı (19-20 sentyabr 2023-cü ildə - İF-Az) «cərrahi dəqiqliklə aparılıb, heç bir mülki obyekt zərər görməyib». "Üstəlik, Qarabağın erməni əhalisi bu ərazini özü tərk etmək qərarına gəldikdə, onun çıxışı Azərbaycan qüvvələri tərəfindən hər cür köməkliklə müşayiət olunurdu. Bütün bunlar göstərir ki, əgər Ermənistan rəhbərliyi bu qarşıdurmadan qaçmaq istəsəydi, bunu edə bilərdi. Təəssüf ki, onlar başqa yolu seçdilər", - Əmirbəyov hesab edir. **
İnformasiya şöbəsi