Cümə günü Belarus Respublikasının xarici işlər naziri Sergey Aleynik ilə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev arasında görüş keçirilib. Görüş zamanı Azərbaycanın diplomatik missiyasının yeni rəhbəri etimadnaməsinin surətini nazirə təqdim edib.
“İnterfaks-Azərbaycan” Belarus Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, həmsöhbətlər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar, ikitərəfli gündəlikdəki məsələlərin geniş spektri müzakirə ediblər.
“Ən yüksək səviyyədə səfərlərin təşkilinə, ticarət-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına dair “Yol xəritəsi”nin razılaşdırılması mövzularına xüsusi diqqət yetirilib”, - məlumatda deyilir.
Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığa uyğun olaraq əlaqələrin daha da inkişafına diqqət yetirdiklərini təsdiq ediblər.
Həmçinin, Aleynik Əliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb. **
İnformasiya şöbəsi