Azərbaycan prezidenti İlham Əliyev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sərəncam bazar günü dövlət başçısının saytında dərc olunub.
Xəbər verildiyi kimi, COP29 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək.
Sərəncama əsasən, Babayevə həmçinin qeyd olunan tədbirlərin hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilir. **
B.Rüstəmbəyov