Prezident İlham Əliyev Yaponiya ilə əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsini zəruri hesab edir.
Bu barədə Əliyev bazar günü Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin etimadnaməsini qəbul edərkən bəyan edib.
“Prezident Azərbaycanla Yaponiya arasında dostluq münasibətlərinin 30 ildən artıqdır ki, müxtəlif sahələri əhatə etdiyini vurğulayaraq bütün istiqamətlərdə yaxşı nəticələrin əldə olunduğunu bildirdi”, - dövlət başçısının saytında qeyd olunur
Əliyev qarşıdan gələn illərdə Bakı ilə Tokio arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu diqqətə çatdırdı. O, ənənəvi sahələrdən başqa əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinin zəruriliyini qeyd etdi.
Öz növbısində, Vatanabe COP29-un bu il Azərbaycanda keçirilməsi ilə bağlı qəbul edilmiş qərar münasibətilə Əliyevə təbriklərini çatdırdı.
Dövlət başçısı təbriklərə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, yaşıl iqtisadiyyata keçid, yüksək texnologiyaların inkişaf etdirilməsi Azərbaycanın prioritet istiqamətlərindən biridir. Əliyev vurğuladı ki, Bakı COP29 çərçivəsində Yaponiya ilə birgə iş birliyinə hazırdır.
Səfir qeyd etdi ki, Yaponiya yaşıl cəmiyyətin qurulması, yüksək texnologiyalar əsasında inkişafa mühüm əhəmiyyət verir və bu sahədə də Bakı və Tokio arasında əməkdaşlıq üçün böyük imkanlar var. **
B.Rüstəmbəyov