Gürcüstan 2024-cü ildə Azərbaycandan 3 milyard 17 milyon kubmetr qaz idxal etməyi planlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin 2024-cü il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub.
Gürcüstanın 2024-cü il üçün təbii qaz balansı 3 milyard 231 milyon kubmetr təşkil edir ki, bunun da 99,6%-i idxalın payına düşəcək.
Azərbaycan Gürcüstana “mavi yanacaq” ixrac edən əsas ölkədir.
Balansa əsasən, Gürcüstan 2024-cü ildə 3 milyard 217 milyon kubmetr qaz idxal etməyi planlaşdırır. Bu həcmin 3 milyard 17 milyon kubmetri Azərbaycanın, 200 milyon kubmetri isə Rusiyanın payına düşəcək.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstana 2,5 milyard kubmetr qaz ixrac edib.*
R.Əhmədov