2023-cü ildə Azərbaycanda 4 233 ədəd avtomobil istehsal edilib. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azərbaycanın sənaye zonasında fəaliyyət göstərən avtomobil istehsalı müəssisələrində müsbət dinamika müşahidə edilir. Sənaye zonalarında ilk avtomobil istehsalına 2018-ci ildə başlanılıb, həmin il 712 ədəd avtomobil istehsal edilmişdisə, 2023-cü ildə bu rəqəm 4233 təşkil edib”, - deyə nazir “X” hesabında yazıb.
O vurğulayıb ki, 2023-cü ildə avtomobil istehsalı 2022-ci illə müqayisədə 2,1 dəfə artıb.
2022-ci ildə bu göstərici 2,029 ədəd təşkil edib.
Hazırda Neftçala, Hacıqabul və Naxçıvanda avtomobil istehsalı üzrə üç, Gəncədə isə kənd təsərrüfatı texnikası və yük avtomobillərinin istehsalı üzrə bir zavod fəaliyyət göstərir. Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2022-ci ildə Azərbaycanda minik avtomobillərinin istehsalı 2021-ci illə müqayisədə 1,4% azalıb.*
B.Rüstəmbəyov