“AzerGold” QSC $20 milyon məbləğində istiqrazlar yerləşdirməyi planlaşdırır.
Bu, “AzerGold” tərəfindən ikinci istiqraz emissiyası olacaq.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, emissiya prospektinə əsasən, istiqrazların tədavül müddəti 3 il, illik gəlirlilik 6%-dir (kupon faizlərinin ödəniş müddəti hər 90 gündən birdir).
Bir qiymətli kağızın nominal dəyəri $100 olan 200 min ədəd istiqraz tədavülə buraxılacaq.
İstiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında həyata keçiriləcək.
“AzerGold” istiqrazların yerləşdirilməsindən cəlb ediləcək vəsaiti “Çovdar” və digər layihələrin həyata keçirilməsinə yönəldəcək.
“AzerGold” QSC Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb. Nizamnamə kapitalı 233,3 milyon manat olan “AzerGold”un bütün səhmləri dövlətə məxsusdur. Cəmiyyətin aktivləri 802 milyon manat təşkil edir.
Hazırda “AzerGold” yerüstü işlənmə mərhələsi çərçivəsində “Çovdar” yatağından, birinci işlənmə mərhələsi çərçivəsində “Ağyoxuş” yatağından (2020-ci ilin noyabr ayından etibarən), “Mərəh” yatağından (2021-ci il iyulun 23-dən) və “Tülallar” yatağından (2023-cü ilin fevral ayından) qızıl hasilatı və ixracı həyata keçirir.
Bundan başqa, Prezident İlham Əliyevin 2020-ci ilin avqust ayında imzaladığı sərəncamla “AzerGold” QSC-yə ölkə ərazisində dəmir filizi yataqlarının öyrənilməsini, tədqiqini, kəşfiyyatını, işlənilməsini və idarə olunmasını, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini təmin etmək tapşırılıb.*
R.Əhmədov