Azərbaycan hökuməti 2027-ci ildə əsas kapitala investisiya qoyuluşunun 22 milyard 845,8 milyon manata qədər artacağını proqnozlaşdırır.
Hökumətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, proqnozlara görə, 2024-cü ildə iqtisadiyyata kapital qoyuluşu 20 milyard 400,5 milyon manat (2023-cü illə müqayisədə real artım 1% olacaq), 2025-ci ildə 21 milyard 153,4 milyon manat (+1,7%), 2026-cı ildə 21 milyard 962,2 milyon manat (+1,8%), 2027-ci ildə 22 milyard 845,8 milyon manat (+2%) təşkil edəcək.
Beləliklə, 2024-2027-ci illərdə Azərbaycan iqtisadiyyatına ümumi kapital qoyuluşu 86 milyard 361,9 milyon manat məbləğində (cari məzənnə ilə $50,8 milyard – İF) proqnozlaşdırılır.
Proqnozlara görə, 2024-2027-ci illərdə kapital qoyuluşunun əsasını daxili investisiyalar təşkil edəcək. Xüsusilə 2024-cü ildə daxili investisiyaların həcmi 16 milyard 280 milyon manat, 2025-ci ildə 16 milyard 691 milyon manat, 2026-cı ildə 17 milyard 301,8 milyon manat, 2027-ci ildə 17 milyard 938,6 milyon manat məbləğində proqnozlaşdırılır. Beləliklə, 2024-2027-ci illərdə nominal artım 10,2% təşkil edəcək.
Xarici investisiyalar üzrə proqnoz isə aşağıdakı kimidir: 2024-cü ildə 4 milyard 120,5 milyon manat, 2025-ci ildə 4 milyard 462,4 milyon manat, 2026-cı ildə 4 milyard 660,4 milyon manat, 2027-ci ildə 4 milyard 907,2 milyon manat. Beləliklə, 2024-2027-ci illərdə nominal artım 19,1% təşkil edəcək.
Hökumətin qiymətləndirmələrinə görə, 2027-ci ildə iqtisadiyyatın qeyri/neft-qaz sektoruna kapital qoyuluşu 16 milyard 856,4 milyon manata (2024-cü ildə 14 milyard 118,1 milyon manat) çatacaq. Qeyri/neft-qaz sektoruna kapital qoyuluşu üzrə nominal artım 19,4% səviyyəsində proqnozlaşdırılır.
Neft-qaz sektoruna kapital qoyuluşu üzrə proqnoz aşağıdakı kimidir: 2024-cü il - 6 milyard 282,4 milyon manat, 2025-ci il – 6 milyard 310,2 milyon manat, 2026-cı il – 6 milyard 55,5 milyon manat, 2027-ci il – 5 milyard 989,4 milyon manat. Bununla da 2024-2027-ci illərdə neft-qaz sektoruna kapital qoyuluşu üzrə nominal azalma 4,7% səviyyəsində proqnozlaşdırılır.
Xəbər verildiyi kimi, 2023-cü ilin 11 ayı ərzində iqtisadiyyata kapital qoyuluşu 15 milyard 725,9 milyon manat, real artım 16,5% təşkil edib.
2022-ci ildə Azərbaycanda əsas kapitala investisiya qoyuluşu 5,5% artıb.*
B.Rüstəmbəyov