“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) hazırda ümumi investisiya dəyəri $2,7 milyard təşkil edən 24 layihənin təhlilini aparır.
“İnterfaks-Azərbaycan” agentliyi İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, bu layihələr müxtəlif sənaye sahələrini, o cümlədən, yaşıl və alternativ enerji, qida sənayesi, əczaçılıq, kimya və s. kimi sahələri əhatə edir.
Keçən il ümumi investisiya dəyəri 560 milyon manat təşkil edən 8 layihə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Sözügedən layihələrdə AİŞ-in iştirak payı 42 milyon manat məbləğində nəzərdə tutulub. Layihələrin icrası nəticəsində yeni istehsal sahələrinin yaradılması və təxminən 600 nəfərin daimi işlə təmin olunması planlaşdırılır.
Ümumilikdə, AİŞ tərəfindən 2023-cü il ərzində 109 yeni investisiya layihəsinə baxılaraq müvafiq təhlillər aparılıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC Prezident İlham Əliyevin 30 mart 2006-cı il tarixli fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 224 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. AİŞ-in başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.*
B.Rüstəmbəyov