2023-cü ilin IV rübündə Azərbaycanın qeyri-neft-qaz ixracı $914,2 milyon təşkil edib ki, bu da 2022-ci ilin oktyabr-dekabr aylarının göstəricisindən 7,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bu, 2023-cü il ərzində qeyri-neft-qaz ixracı üzrə ən yüksək rüblük göstəricidir.
AZPROMO-nun məlumatına görə, 2023-cü ildə Azərbaycanın qeyri-neft-qaz ixracı 9,8% artaraq rekord məbləğə - $3 milyard 348 milyona çatıb.
Dekabrda ixrac $314,2 milyon (2022-ci ilin dekabr ayı ilə müqayisədə +3,8%) təşkil edib.
2022-ci ildə Azərbaycanın qeyri-neft-qaz ixracı $3 milyard 47,67 milyon təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 12,3% çoxdur.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft-qaz ixracının həcmi $5,3 milyarda qədər artacaq.*
R.Əhmədov