Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə çərçivəsində $450 milyon məbləğində yeddinci bonusu alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Yeni müqavilənin şərtlərinə görə, 2018-2025-ci illər ərzində ARDNF $3,6 milyard məbləğində bonus (hər il $450 milyon) alacaq. $450 milyon məbləğində 7-ci tranş 2024-cü il yanvarın 8-də fondun hesabına daxil olub”, - deyə məlumatda bildirilir.
ARDNF 2018-2024-cü illərdə AÇG blokunun işlənməsi haqqında yeni müqavilə üzrə ümumilikdə $3,15 milyard məbləğində 7 tranş alıb.
Fonddan əlavə ediblər ki, AÇG layihəsi çərçivəsində sonuncu – səkkizinci tranşın 2025-ci ilin yanvar ayında ödənilməsi gözlənilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, “ONGC Videsh” (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. “Equinor” 2023-cü ilin dekabr ayında layihədəki payının SOCAR-a satılması haqqında saziş imzalayıb. Sövdələşmə tərəflərin bir sıra öhdəlikləri yerinə yetirməsindən sonra başa çatmış hesab olunacaq.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $43 milyard məbləğində qiymətləndirilir və 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.*
N.Abbasova