2024-cü il yanvarın 9-na keçən gecə Respublika Perinatal Mərkəzində baş vermiş və 4 körpənin ölümü ilə nəticələnmiş yanğınla bağlı 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb ediliblər.
İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Mehriban Abasquliyeva isə 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilib, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
“Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.
Çərşənbə axşamına keçən gecə Respublika Perinatal Mərkəzində baş vermiş yanğın nəticəsində 4 körpə həlak olub, 3 nəfər tüstüdən zəhərlənib.
Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.*
B.Rüstəmbəyov