İsrail Müdafiə Ordusu hazırda səylərini Xan-Yunis şəhərindəki yeraltı tunellər şəbəkəsinə yönəldib. Bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
İsrail Müdafiə Ordusu hesab edir ki, HƏMAS-ın yüksək vəzifəli liderləri məhz bu zonada gizlənə bilərlər.
Ötən gün İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın 150-dən çox hədəfinə zərbə endirib və qruplaşmanın onlarla üzvünü məhv ediblər.
Bundan başqa, İsrail ordusu Livanın cənubunda “Hizbullah”ın mövqelərinə növbəti dəfə aviazərbələr endirib.
“Associated Press” (AP) agentliyi isə bildirir ki, İsrail nümayəndələri HƏMAS-la girov mübadiləsi ilə bağlı növbəti danışıqlar üçün çərşənbə günü Qahirəyə gəliblər. Misir və Qətər atəşkəsin elan edilməsi və İsrail həbsxanalarından fələstinli məhbusların növbəti qrupunun azadlığa buraxılması müqabilində Qəzza zolağında mülki girovların azad edilməsinə nail olmağa çalışır.
HƏMAS girovların azad edilməsi məsələsini müzakirə etməzdən əvvəl hərbi əməliyyatların dayandırılmasında israr edir. İsrail isə bu tələbi qəti surətdə rədd edir.*