Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.
Dövlət başçısının sözlərinə görə, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir.
“Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz”, - deyə Əliyev qeyd edib.
Prezident vurğulayıb ki, Azərbaycanın 2023-cü ilin sentyabr ayına qədər getdiyi yol məqsədyönlü, məqsədə hesablanmış, düzgün yol idi.
“İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayıb”, - deyə Əliyev vurğulayıb.*
R.Əhmədov