Azərbaycan-Fransa münasibətləri Parisin günahı ucbatından korlanıb. Bunu Prezident İlham Əliyev deyib.
“Antiterror əməliyyatından (2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağ bölgəsində - İF) sonra bu münasibətlər mahiyyətcə dayandırıldı, yenə də bu, bizim günahımız ucbatından baş vermədi. Sadəcə, Fransa artıq heç bir başqa amillərlə maskalanmayaraq açıq şəkildə anti-Azərbaycan fəaliyyəti aparmağa başladı”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O qeyd edib ki, Fransa BMT Təhlükəsizlik Şurası platformasında anti-Azərbaycan qətnamələrinin qəbul edilməsi üçün 5 dəfə cəhd edib və onların hamısı tam uğursuzluqla nəticələnib.
“Çünki ölkələrin əksəriyyəti bizi dəstəklədi və bu qətnaməni qəbul etdirmək üçün onlar dövlətlərin zəruri sayını toplaya bilmədilər. Bu, əlbəttə onlar üçün çox güclü siyasi zərbə idi, çünki biz belə desək, onlara öz meydançalarında qalib gəldik. Həmçinin düşünürəm ki, Avropa İttifaqının onlara qoşulmaması da böyük bir zərbə oldu, hərçənd məlum oldu ki, Avropa İttifaqı diplomatiyasının rəhbəri (Jozep Borrel – İF) təəssüf ki, Fransanın Azərbaycana qarşı siyasətinə dəstək verənlərin arasında yer alıb. Lakin ümumilikdə, Avropa İttifaqı ölkələri Azərbaycana münasibətdə vahid mövqe üzrə razılığa gələ bilmədilər, Fransa isə məhz sanksiyalarda və başqa addımlarda israr edirdi. Artıq bu tezislər səsləndirilib və onlar belə desək, havadan asılı qalıb, sözdən əmələ keçməyib”, - deyə Əliyev əlavə edib.
Fransanın Evian-lö-Bən şəhərində Natəvanın heykəlinin təhqir edilməsini və sellofana bükülməsini şərh edən prezident bu vandalizm aktını kin, gücsüzlük və isterikanın özünü heykəldə göstərdiyi mənəvi deqradasiyanın dibi adlandırıb.
“Yəni burada onlar praktik olaraq ermənilərdən az fərqlənirlər. Çünki ermənilər Natəvanın Ağdamdakı məzarını qazıblar, heykəlini məhv ediblər. Biz onu bərpa etdik, daha doğrusu, yenidən dəqiq surətini ucaltdıq. Fransa isə Natəvanın həmin ölkədə heykəlini təhqir edir. Göründüyü kimi, burada bir oxşarlıq var”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, Bakı bütün bunlara adekvat cavablar verir və verəcək.
“Biz təkcə müdafiə olunan və özünə bəraət qazandıran ölkə deyilik. Biz adekvat cavablar veririk və verəcəyik. Belə ki, fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlayacağı faktlar həddindən artıq çoxdur. Buraya Əlcəzairdə indi də istifadə olunmayan böyük əraziləri zəhərləyən nüvə sınaqları daxildir. Həmçinin mina terrorunu da əlavə etmək olar, yeri gəlmişkən, fransızların Əlcəzairdə basdırdıqları minalardan insanlar indi də həlak olurlar. Bir milyon yarım əlcəzairlinin soyqırımı və digər faktlar da var. Müstəmləkə ölkələrində başqa cinayətlər də törədilib. Biz bu əsl xisləti üzə çıxardıq. Nədənsə bütün bunlar haqqında indiyədək danışılmırdı. Bunların hamısı barədə susurdular, əlaqədar olmaq istəmirdilər, problemlərdən qorxurdular, təhdidlərdən çəkinirdilər və sairə. Amma biz qorxmuruq. Zənnimcə, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta “qıcıqlandırmaq” kimi boş cəhdlərinin hamısı faydasızdır. Təbii ki, biz yolumuza davam edəcəyik”, - deyə Azərbaycan lideri vurğulayıb.*
X.Nəsirzadə