Rəsmi Bakı Azərbaycan-Ermənistan şərti sərhədindən qoşunları güzgü şəklində geri çəkmək niyyətində deyil. Bunu Prezident İlham Əliyev deyib.
“Deyirlər ki, tərəflər güzgü şəklində geri çəkilsin. Amma hara çəkilsin? Bu məsələ ilə bağlı sualı hələ 2021-ci ilin may ayında mənə bəzi həmkarlarım vermişdi. Yadınızdadır, o vaxt sərhəddə müəyyən dəqiqləşmə aparılmışdı və bir telefon zəngi əsnasında dedilər ki, xahiş edirik, siz qayıdasınız. Deyirəm, haraya qayıdaq? Deyirlər ki, haradan gəlmisiniz oraya. Deyirəm, biz Bakıdan gəlmişik, Bakıya qayıdaq? Biz 30 il orada olmamışıq. Əgər o sərhəd sərhəd idisə, onda Ermənistan onu sərhəd kimi tanıyaydı, sərhəd nişanlarını qoyaydı. O, axı bu sərhədi tanımırdı. O hesab edirdi ki, onun sərhədi Ağdamdadır. Ona görə biz oraya Bakıdan gəlmişik, biz orada olmamışıq. Ona görə haraya qayıdaq? Deyin haraya qayıdaq, qayıdaq. Bax, mənim o sualıma cavab olmadı. Ona görə, əlbəttə ki, biz heç yerə qayıdan deyilik. Nə 2021-ci ilin may ayındakı mövqelərdən, nə də 2022-ci ilin sentyabr ayındakı mövqelərdən biz bir addım geri gedən deyilik, çünki o sərhəd müəyyən edilməlidir”, - deyə dövlət başçısı yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirib.
O vurğulayıb ki, Ermənistanın Azərbaycana qarşı iddiaları əsassızdır, çünki şərti sərhəd ərazisində heç bir yaşayış məntəqəsi yoxdur.
“Ermənistan isə bu gün bizim kəndlərimizi işğal etməkdə davam edir və bu, dözülməzdir. Yenə də qeyd etmək istəyirəm və hesab edirəm ki, komissiyaların bu ayın sonunda görüşü əsnasında bu məsələyə aydınlıq gətiriləcək”, - deyə prezident qeyd edib.
Əliyev vurğulayıb ki, Ermənistanla sülh müqaviləsinin imzalanması sərhədin delimitasiyası məsələsindən asılı olmamalıdır, belə ki, Azərbaycan hazırda digər qonşu ölkələrlə də sərhədlərin delimitasiyası prosesini yekunlaşdırmayıb.
“Prinsipcə, sülh müqaviləsində delimitasiya və demarkasiya ilə bağlı hər hansı bənd ola bilər. Ancaq əgər biz delimitasiyanı gözləyib sülh müqaviləsini təxirə salsaq, onda sülh müqaviləsi heç 30 ildən sonra da imzalanmaya bilər. Çünki dəfələrlə biz demişik ki, Gürcüstanla delimitasiya hələ başa çatmayıb. Sərhədin cəmi 70 faizi müəyyən olunub və təsdiqlənib. Rusiya ilə bizim delimitasiya prosesimiz 20 il davam etdi, 2012-ci ildə ancaq imzalandı (sənədlər – İF) və bu günə qədər 13 il keçib, bütün o dirəklər, nişanlar hələ qoyulmayıb, demarkasiya hələ ki, tam aparılmayıb. Biz hesab edirik ki, sülh müqaviləsi imzalanmalıdır, nə qədər tez olsa, o qədər yaxşıdır. Delimitasiya prosesi isə davam etməlidir. Kəndlər bizə qaytarılmalıdır. Anklavlarla bağlı komissiyanın işi nəticəsində də razılığa gəlmək olar”, - deyə Əliyev vurğulayıb.*
X.Nəsirzadə